“Lan” tayfunu Sakit okeandan Yaponiyaya yaxınlaşır

 19:58 10.08.2023     334

"Lan" tayfunu şimal-qərbdən Yaponiyaya doğru irəliləyir və sabah Yaponiyanın Sakit okeandakı Oqasavara adalarından keçəcəyi gözlənilir.

Redaktor.az "İnterfaks"a istinadla xəbər verir ki, hazırda tayfun 10 km/saat sürətlə hərəkət edir, küləyin sürəti 198 km/saata çatır. “Lan” hələ də Oqasavara arxipelaqındakı Çiçicima adasından 170 km/saat cənub-şərqdə yerləşir.

Bu arada, Yapon dəmir yolu operatorları, bazar günündən çərşənbə gününə qədər əlverişsiz hava şəraiti səbəbindən Tokio və Osakanı birləşdirən yüksək sürətli Tokaido Şinkansen xəttində və Osakadan Fukuoka prefekturasının Hakata şəhərinə Sanyo Şinkansen xəttində fasilələr yarana biləcəyi barədə xəbərdarlıq ediblər. 

Şərqi Honsyuda dəmir yollarını idarə edən Şərqi Yaponiya Dəmiryolu Şirkəti də "Lan" tayfunun gəlməsi ilə əlaqədar mümkün nəqliyyat problemləri barədə xəbərdarlıq edib.

Tayfunun bu həftə sonu Tokioda keçirilməsi planlaşdırılan böyük mədəniyyət və musiqi tədbirlərini poza biləcəyi ilə bağlı narahatlıqlar da var idi.

Cümə axşamı günü səhər saatlarında “Hanun” tayfunu Yaponiyanın cənub-qərbi yaxınlığından keçərək Şikoku və Kyuşu adalarına güclü yağışlar gətirib. Kyuşu ştatında güclü külək nəticəsində 14 nəfər xəsarət alıb. Həmçinin iki ölüm hadisəsi də bildirilir.

Yaponiyadan sonra "Hanun" Cənubi Koreyanı vurub. Yağan leysan torpaq sürüşmələri və daşqınlara səbəb olub, ölkənin cənub sahil rayonlarında 10 min insan təxliyə edilib. Ölkədə 380-dən çox reys təxirə salınıb, bərə hərəkəti dayandırılıb.

Qasırğanın avqustun 11-i səhər Şimali Koreyaya çatmazdan əvvəl cümə axşamı günortadan sonra Seulu vuracağı gözlənilir.

Turan İSMAYIL