2024-2025-ci illərdə dünya ciddi şəkildə dəyişəcək - Lukaşenko

 15:37 11.08.2023     344

2024-2025-ci illərdə dünyada ciddi dəyişikliklər olacaq və bu, Qərblə münasibətlərə də təsir edəcək.

Redaktor.az BelTA-ya istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

"İnanın, vaxt gələcək - indi belə təlatüm var, çətinliklər böyükdür - 2024-2025-ci illərdə əminəm ki, dünyada ciddi dəyişikliklər olacaq", - o, deyib.

Dövlət başçısı qeyd edib ki, hələ iyul ayında Müstəqillik Günü münasibətilə keçirilən təntənəli iclasda hökumətə və Xarici İşlər Nazirliyinə qərb qonşularına mehriban qonşuluq və sülh planı təklif etməyi tapşırmışdı.

"Və polyaklarla danışmaq lazımdır. Baş nazirə tapşırdım ki, onlarla əlaqə saxlasınlar. İstəsələr, danışaq, münasibətləri yaxşılaşdıraq. Biz qonşuyuq, amma qonşu seçmirlər. Onlar bizdən çox şey tələb edir və xahiş edirlər, lakin biz bununla razılaşa bilmərik, çünki bu, bizim maraqlarımıza ziddir”, - Lukaşenko vurğulayıb.

O əlavə edib ki, Polşa özlüyündə regionda vəziyyəti gərginləşdirmir - buna ABŞ tərəfindən sövq edilir. "Amerikalılar Polşaya pul qoydular. Amma polyaklar axmaq insanlar deyil. Bunlar bizim xalqımızdır, slavyanlardır. Onlar hər şeyi mükəmməl başa düşürlər. Səbirli olaq, görərik. Biz əməkdaşlığa açığıq", - dövlət başçısı bildirib. 

Xatırladaq ki, Belarusla Qərb ölkələri arasında münasibətlər 2020-ci il prezident seçkilərindən sonra kəskin şəkildə pisləşib. Qərb ölkələri tədricən Belarus rəsmilərinə, müəssisə və sənayelərinə qarşı sanksiyalar tətbiq edib. Belarusa qarşı sanksiyaların genişləndirilməsində yeni mərhələ Minskin Rusiyanın Ukraynadakı işğalçılıq müharibəsini dəstəkləməsi səbəbindən baş verib.

Turan İSMAYIL