Şimali Koreya vətəndaşlarına “Hanun” tayfunu zamanı Kim Çen Inın portretlərini qorumaq əmr edildi

 18:00 11.08.2023     252

Qarşıdan gələn “Hanun” qasırğası zamanı Şimali Koreya vətəndaşları ilk növbədə ölkə rəhbəri Kim Çen Inın, eləcə də onun sələflərinin – ata Kim Çen İr və baba Kim İr Senin təsvir olunduğu əsərləri qorumaq əmr edilib.

Redaktor.az xəbər verir ki, "Guardian"ın məlumatına görə, avqustun 10-da dövlət qəzeti “Rodong Sinmun” yazıb ki, “Hanun” tayfunu zamanı Şimali Koreyalıların əsas diqqəti Kim sülaləsini təsvir edən əsərlərin təhlükəsizliyinə yönəlməlidir. Bunlara demək olar ki, hər evdə rast gəlinən heykəllər, mozaikalar, freskalar, abidələr və portretlər daxildir.

"Hanun" tayfunu bir gün əvvəl Koreya yarımadasına çatıb, bu gün o, KXDR-in dərinliklərinə doğru irəliləyir - güclü külək və leysan yağışları gözlənilir. KCNA dövlət agentliyi Şimali Koreyanın bütün strukturlarının fəlakətli anomal iqlim şəraitinin aradan qaldırılması üçün kampaniyada iştirak etdiyini bildirib.

Qonşu Cənubi Koreyada tayfun artıq daşqınlara və binaları dağıdan torpaq sürüşməsinə səbəb olub. Cənub-şərqdəki Daequ şəhərində ən azı bir nəfər ölüb. Şimali Koreyada təsir daha əhəmiyyətli ola bilər: zəif infrastruktura görə təbii fəlakətlər ənənəvi olaraq ölkəyə güclü təsir göstərir.

Turan İSMAYIL