Devrilmiş prezidentə sarayda düyü və makaron verilir

 18:40 11.08.2023     295

Hərbi çevrilişlə hakimiyyətdən kənarlaşdırılan Niger prezidenti Məhəmməd Bazum prezident sarayında faktiki olaraq həbsdə olarkən təxminən 5 kq arıqlayıb.

Redaktor.az xəbər verir ki, bunu Britaniyanın “The Guardian” qəzetinə onun qızı Zazia Bazum deyib.

Onun sözlərinə görə, üsyançılar Niameydəki sarayda elektrik enerjisini kəsiblər və həyat yoldaşı Hadja Hadiz və oğlu Salem ilə birlikdə iqamətgahında saxlanılan prezidenti həkimlərə müayinə etməyə imkan vermirlər. "Onlar artıq soyuducudan yemək yeyə bilmirlər. Nə ətləri, nə də təzə tərəvəzləri var. İndi yedikləri yeganə şey düyü və makaron kimi sağlamlıqları üçün pis olan yeməklərdir.
Gecə-gündüz sadəcə düyü və makaron yemək olmaz”- deyən Zazia Bazum valideynlərinin təmiz suya çıxışı olmadığını bildirib.

O qeyd edib ki, iyulun sonundan anası 5 kq, qardaşı isə 10 kq arıqlayıb. Parisdə yaşayan Zazia Bazum deyib ki, üsyançılar onun atasına “istefa məktubu” imzalaması üçün “psixoloji təzyiq göstərirlər”.

Xatırladaq ki, iyulun sonunda Niger Prezident Qvardiyasının hərbi qrupu qiyam qaldıraraq prezident Bazumun vəzifəsindən uzaqlaşdırıldığını elan edib. Ölkəni idarə etmək üçün qvardiya komandiri Əbdürrəhman Çianinin başçılığı ilə Vətənin Qurtuluşu Milli Şurası yaradılıb. Bazum öz iqamətgahında həbsdə qalır.

Turan İSMAYIL