"Rusiya gələcəkdə də bizim üçün qeyri-sabitlik mənbəyi olmaqda davam edəcək" - Moldova prezidenti

 15:38 16.08.2023     222

Moldova səfirlərinin görüşündə Prezident Maya Sandu qısa və ortamüddətli perspektivdə mühüm əhəmiyyət kəsb edən diplomatik fəaliyyətin əsas istiqamətləri barədə danışıb.

Redaktor.az bu barədə "NewsMaker"ə istinadən xəbər verir.

Onun sözlərinə görə, indi Moldova üçün ölkənin gələcəyini müəyyən edəcək həlledici məqam yetişib. O qeyd edib ki, ölkənin indi əldə etdiyi nəticələr onun bundan sonra necə inkişaf edəcəyini müəyyənləşdirəcək.

"Biz hamımız hazırkı çağırışların nə qədər ciddi olduğunu bilirik, çünki müharibə təəssüf ki, davam edir və biz onun tezliklə bitəcəyinə dair heç bir əlamət görmürük" - dövlət başçısı deyib.

Eyni zamanda, Sandu əlavə edib ki, Moldovanın Avropa İttifaqına daxil olması və ölkənin rolunun təşviqi regionda təhlükəsizliyin qorunması amilləridir.

"Rusiya gələcəkdə də bizim üçün qeyri-sabitlik mənbəyi olmaqda davam edəcək. Siz gördünüz ki, bu il Rusiya qüvvələri Moldovada konstitusiya hökumətini devirmək cəhdinə qədər vəziyyəti sabitsizləşdirməyə çalışdılar. Digər tərəfdən, biz şanslı olduq ki, Rumıniya Moldovanı dəstəkləyir, o, bizim xarici siyasətimizi dəstəkləyən mühüm müdafiəçidir”.

Xatırladaq ki, bu yaxınlarda KİV-də Rusiya Federasiyasının Kişinyovdakı səfirliyinin binasına casus avadanlığı yerləşdirməsi barədə məlumatlar yayılmışdı. Ölkə rəsmiləri bu şayiələri təsdiqləyiblər.

Bundan sonra Moldova Rusiyadan səfirliyin 45 əməkdaşını ixtisar etməyi tələb edib. Daha sonra Rusiya Federasiyasının diplomatik nümayəndəliyinin 22 diplomatı və texniki heyətinin 23 nümayəndəsi ölkəni tərk edib.

Bundan sonra Rusiya Xarici İşlər Nazirliyi səfirlik işçilərinin sayının azaldılmasını “ölkələr arasında münasibətlər üçün fəsadlar yaradacaq qeyri-dost addım” adlandırıb və Sandu cavab verib ki, keyfiyyətli xidmət göstərmək üçün Rusiya səfirliyinin kifayət qədər əməkdaşı var.

Turan İSMAYIL