Trampa zəhərli məktub göndərən qadına cəza verildi

 23:51 17.08.2023     294

Kolumbiya Şəhər Dairəsinin Federal Məhkəməsi 2020-ci ilin sentyabrında ABŞ-ın o zamankı prezidenti Donald Trampa zəhərli maddə ilə məktub göndərən Paskal Ferrieri 262 ay (təxminən 22 il) həbs cəzasına məhkum edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

55 yaşlı Kanada və Fransa vətəndaşı üç il əvvəl ABŞ liderinə və Texasın 8 hüquq-mühafizə orqanına risin (toksin) və təhdid qeydləri olan zərflər göndərib. Bu ilin əvvəlində o, günahını etiraf edib və istintaqla əməkdaşlıq edib, lakin əməlindən peşman olmaqdan imtina edib. Ferrieri deyib ki, o, zəhəri Kanadanın Kvebek şəhərindəki evində hazırlaya bilib.

Hökmdə qeyd olunur ki, məhkum həbs müddətini başa vurduqdan sonra ABŞ-dan deportasiya olunacaq, onun ölkəyə qayıtması qadağan edilib.

2020-ci ilin sentyabrında hüquq-mühafizə orqanlarının əməkdaşları Trampa ünvanlanmış, tərkibində risin olan məktubu ələ keçirdilər. Ertəsi gün Ferrieri Kanada-Amerika sərhədində saxlanılıb.

Risin bitki mənşəli bir protein zəhəridir. Qəbul edildikdə, ürəkbulanma, qusma, daxili qanaxma, orqan çatışmazlığı və ölümə səbəb ola bilər. Risin üçün heç bir antidot yoxdur.

Turan İSMAYIL