Hakerlər xəstəxananın məlumat bazasını şifrələyərək pul tələb etdilər

 16:23 21.08.2023     331

Hakerlər Kişinyovun ən böyük xəstəxanalarından biri olan Müqəddəs Üçlük Xəstəxanasının xəstələr məlumat bazasını şifrələyib və girişi bərpa etmək üçün onun rəhbərliyindən fidyə tələb ediblər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Moldova paytaxtının meri İon Çeban əməliyyat müşavirəsində məlumat verib.

"Müqəddəs Üçlük bələdiyyə xəstəxanası ciddi kiberhücuma məruz qalıb. Məlumat bazaları şifrələnib, onlara giriş yoxdur. Hakerlər özləri şifrələdikləri xəstə məlumat bazaları üçün pul tələb ediblər". 

Mer İnformasiya və Təhlükəsizlik Xidmətinə məlumat verib və meriyada belə vəziyyətlərə operativ müdaxilə edə biləcək xüsusi strukturun yaradılmasını təklif edib.

Qeyd edək ki, keçən il hakerlər Moldova Prezidenti Maia Sandunun rəsmi Telegram kanalını sındırıb, həmçinin bir neçə yüksək rütbəli məmurun telefonlarından yazışmaları dərc ediblər.

Turan İSMAYIL