Ərdoğan Türkiyənin inflyasiya probleminə son qoyacağına söz VERDİ

 22:11 21.08.2023     442

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, onun hökuməti iqtisadiyyatın əsas problemini - inflyasiyanı həll etmək üçün səy göstərir.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edən dövlət başçısı həmvətənlərini səbirli olmağa çağırıb, respublika iqtisadiyyatında müsbət meyillərin müşahidə olunduğunu qeyd edib.

"İnflyasiya ilə bağlı məsələni vətəndaşlarımızın gündəmindən çıxaracağıq, onların hamısının bir az səbr etməsi lazımdır, biz də vətəndaşlarımızdan addımlarımızın dəstəyini gözləyirik. İqtisadiyyatda müsbət irəliləyişlərdən biri də iqtisadi artımdır. Mərkəzi Bankın valyuta ehtiyatları avqustun 11-i etibarilə 116 milyard dollara çatıb. Xarici investorlar iqtisadiyyatımızdakı müsbət dəyişiklikləri yaxından izləyir" - Ərdoğan deyib.

Türkiyə lideri iyul ayında Fars körfəzi ölkələrinə səfəri zamanı 50 milyard dollarlıq müqavilələrin bağlanmasının xaricdə Türkiyəyə olan etimadın artdığını söyləyib.

Ərdoğan əlavə olaraq, yayın quraq keçməsi və bəzi bölgələrdə quraqlıq ola biləcəyi ilə bağlı respublika vətəndaşlarını suya qənaət etməyə çağırıb.

"Mən sizi kənd təsərrüfatında, sənayedə və şəxsi məqsədlər üçün sudan istifadəyə qənaətlə yanaşmağa çağırıram”, - deyə dövlət başçısı bildirib.

Turan İSMAYIL