ABŞ generalı Roma Papası ilə Ukraynanı müzakirə etdi

 23:27 21.08.2023     356

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli Roma Papası Fransisklə görüş keçirib. Müzakirə mövzularından biri də Rusiya ilə Ukrayna arasında müharibə olub.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, Milli bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb.

Amerikalı generalın sözlərinə görə, Papa açıq-aydın yüz minlərlə ölü və yaralı, dinc əhali arasında günahsız qurbanlardan çox narahat olduğunu bildirib.

“O, mənim müharibənin vəziyyəti, Ukraynada baş verən insan faciəsi haqqında fikirlərimi eşitməkdə çox maraqlıdır”, - Milli əlavə edib.

O qeyd edib ki, pontifiklə digər məsələləri də müzakirə edib, o cümlədən Afrika haqqında çox danışıblar.

Milli deyib ki, 86 yaşlı Papanın dünya hadisələri haqqında dərin bilikləri sadəcə heyranedicidir.

Xatırladaq ki, Roma Papası Fransisk Ukraynadakı sülh üzrə elçisi Matteo Zuppiyə Ukraynada müharibənin dayandırılmasına kömək etməyə çalışmaq üçün sülhməramlı missiyanı həyata keçirməyi tapşırmışdı.

Zuppi artıq Kiyevə səfər edib və orada Prezident Vladimir Zelenski ilə görüşüb. Onlar Ukraynanın sülh düsturunu müzakirə ediblər.

Bu yaxınlarda Roma Papasının nümayəndəsi bəyan etmişdi ki, o, deportasiya olunmuş uşaqların Ukraynaya qaytarılması mexanizmi üzərində işləyir.

Turan İSMAYIL