Afina Kiyevə hərbi, texniki və humanitar dəstək verəcək

 23:58 21.08.2023     285

Yunanıstan Ukraynaya hərbi, texniki və humanitar yardım göstərməyə davam edəcək, həmçinin NATO-nun Kiyevə yardım səylərinə kömək edəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə bazar ertəsi Afinada Yunanıstanın baş naziri Kiryakos Mitsotakis və Ukrayna prezidenti Vladimir Zelenskinin danışıqlarından sonra iki ölkənin “Ukraynanın Avroatlantik inteqrasiyası haqqında” birgə bəyannaməsində deyilir.

Sənəddə xüsusilə qeyd olunur ki, Yunanıstan “öz ərazisini quruda, dənizdə və havada effektiv müdafiə etmək qabiliyyətini təmin etmək üçün Şimali Atlantika Alyansının Ukraynaya güclü və effektiv siyasi və maddi dəstəyini” davam etdirəcək. “Ukrayna Yunanıstan Respublikası və onun xalqı tərəfindən müdafiə qabiliyyətinin gücləndirilməsi üçün ona göstərilən bütün mühüm praktiki yardımı yüksək qiymətləndirir, Yunanıstan Ukraynaya hərbi, texniki, müdafiə və humanitar dəstəyi davam etdirəcək”, - sənəddə deyilir.

Qeyd olunur ki, Yunanıstan beynəlxalq təşkilatlar, müttəfiqlər və tərəfdaşlarla birlikdə Ukraynanın hərbi əməliyyatlardan sonra bərpası və yenidən qurulmasında iştirak etməyi öhdəsinə götürür. Hər iki ölkənin fikrincə, "Ukraynanın təhlükəsizliyi Avro-Atlantik regionun sabitliyi üçün həyati əhəmiyyət kəsb edir",.

Bəyannamədə vurğulanır ki, “Yunanıstan Respublikası müttəfiqlər bununla razılaşdıqda və NATO-nun Vilnüs sammitinin bəyannaməsində göstərilən ilkin şərtlər yerinə yetirildikdə, Ukraynanın NATO üzvlüyünə qəbulunu dəstəkləyir”.

Turan İSMAYIL