Nazir İstanbuldan deportasiya edilənlərin sayını AÇIQLADI

 18:12 22.08.2023     304

Ay ərzində İstanbul rəsmiləri şəhərdə yaşayanlar arasından Türkiyədə olmaq üçün qanuni əsası olmayan 21 min əcnəbini müəyyən edib.

Redaktor.az "Star" qəzetinə istinadla xəbər verir ki, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bu şəxslərin ölkədən çıxarıldığını bildirib.

Nazir qeyd edib ki, səyyar miqrasiya keçid məntəqələri layihəsi sayəsində qeyri-leqal immiqrantları aşkar etmək mümkün olub. Bu layihə İstanbulda sınaqdan keçirilir. Polis tez və yerindəcə əcnəbilərin barmaq izlərini və sənədlərini yoxlaya bilib. Əgər şəxs şəxsiyyət vəsiqəsini təqdim edə bilmirsə və sistemdə hər bir sahibinin ölkədə qalmaq üçün sənədləri qəbul etməzdən əvvəl təqdim etdiyi barmaq izləri yoxdursa, qanun pozucusu əlavə yoxlama üçün miqrasiya şöbəsinə aparılır.

"21 min əcnəbinin Türkiyədə olmaq üçün qanuni haqqı olmadığını, yəni qeyri-qanuni mühacir olduğunu müəyyən etdik. Onlara qarşı deportasiya proseduru başlatdıq və onlar ölkədən çıxarıldılar" - "Star" qəzeti Yerlikayadan sitat gətirib.

Nazir onu da bildirib ki, hazırda Türkiyədə 4,8 milyon insan miqrant statusundadır. Onlardan 1,2 milyonu qanuni yaşayış icazəsi sahibidir. 290 mindən çox miqrant mühafizə altındadır. Türkiyədə 3,3 milyon suriyalı müvəqqəti himayə altında yaşayır.

Turan İSMAYIL