Ukrayna kəşfiyyatı Krımda xüsusi əməliyyata BAŞLADI

 12:32 24.08.2023     456

Ukraynanın Rusiya tərəfindən müvəqqəti olaraq işğal olunmuş Krım bölgəsində bu gün səhər saatlarında döyüş olub. Ukrayna kəşfiyyat bölmələri xüsusi əməliyyat çərçivəsində eniş həyata keçirib.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bildirib.

"Xüsusi əməliyyat çərçivəsində şəxsi heyət yarımadanın ərazisinə endirilib. Hərbi Dəniz Qüvvələri ilə Əməkdaşlıq üzrə Baş Kəşfiyyat İdarəsi xüsusi əməliyyat keçirib", - o, bildirib.

Eyni zamanda o qeyd edib ki, şəxsi heyət arasında itki yoxdur və əməliyyat davam edir.

"Biz bütün təfərrüatları açıqlamırıq, düşmənin şəxsi heyəti, eləcə də qüvvə və vasitələri arasında itkilər var. İtkilərin sayı barədə məlumat dəqiqləşdirilir", - Yusov əlavə edib.

Qeyd edək ki, yerli Telegram kanalları bu barədə səhər saat 5-dən yazıb.

Turan İSMAYIL