Portuqaliya F-16-da ukraynalı pilotların təliminə qoşulmağa hazırdır - Zelenski

 15:46 24.08.2023     257

Portuqaliya F-16 qırıcılarında ukraynalı pilotların təlimində iştirak etməyə hazır olduğunu təsdiqləyib.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Portuqaliya prezidenti Marselo Rebelo de Souza ilə birgə mətbuat konfransı zamanı deyib.

"Portuqaliya bizim tank və aviasiya koalisiyamızın üzvüdür. Bu gün Portuqaliya F-16 təyyarələrində ukraynalı pilot və mühəndislərin təliminə qoşulmağa hazır olduğunu təsdiqləyib", - deyə Ukrayna lideri bildirib.

Zelenski həmçinin portuqaliyalı həmkarı ilə müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını, xüsusən də Ukraynaya zirehli tibbi avadanlıq və minatəmizləmə avadanlıqlarının tədarükü ilə bağlı məsələləri müzakirə edib.

Qeyd edək ki, ABŞ bu yaxınlarda F-16 qırıcılarının Danimarka və Hollandiyadan Ukraynaya təhvil verilməsini təsdiqləyib. ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, Ukrayna təyyarələri pilot hazırlığı başa çatdıqdan sonra qəbul edəcək.

Qeyd edək ki, Hollandiya Ukraynaya 42, Danimarka isə daha 19 qırıcı təqdim etməlidir. Eyni zamanda, Ukrayna Danimarkadan F-16 qırıcılarının ilk qrupunu Yeni ilə qədər alacaq.

Daha əvvəl İqnat bildirmişdi ki, Ukraynaya səmada üstünlüklər əldə etmək və köhnə aviaparkı əvəz etmək üçün təxminən 128 təyyarə lazımdır.

Turan İSMAYIL