Paşinyan buna görə rusiyalı həmkarına təşəkkür etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın "Yuxarı Lars" keçid məntəqəsində yeni zolaqların açılmasına görə Rusiyanın Baş naziri Mixail Mişustinə təşəkkür edib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, o, bunu Mişustinlə Avrasiya Hökumətlərarası Şurasının iclası ərəfəsində keçirilən görüşdə deyib.
O, "Yuxarı Lars" keçid məntəqəsində yeni yolların açılmasına görə Mişustinə şəxsən təşəkkür edib. "Soçidəki son görüşümüz zamanı siz söz vermişdiniz ki, "Yuxarı Lars" keçid məntəqəsində tezliklə yeni zolaqlar açılacaq, bu baş verdi. Və bu, bizim münasibətlərimizdə çox mühüm, əlamətdar hadisədir. Biz sizə, həmçinin gürcü həmkarlarımıza minnətdarıq, əməkdaşlığınızdan çox şadıq", - Paşinyan bildirib.
İki ölkə arasında ticarət dövriyyəsindən danışan Paşinyan qeyd edib ki, 2022-ci ildə beş milyard dollar təşkil edib və bu il artım davam edir. “Ümid edirəm ki, bu ilin sonuna kimi biz ötən ilin səviyyəsini keçəcəyik".
Paşinyan Ermənistan və Rusiya arasında möhkəm münasibətlərin olduğunu vurğulayıb və ikitərəfli əməkdaşlığın səmərəli olacağına əminliyini bildirib. “Əlbəttə ki, bizim regional mənada çox problemli məsələlər var və biz həmişə rusiyalı həmkarlarımızla bu məsələləri müzakirə edirik və əminəm ki, bu gün biz də bu məsələlərə toxunacağıq".
Mişustin də öz növbəsində iki ölkə arasında ticarət dövriyyəsinin artımına diqqət çəkib və "Yuxarı Lars" keçid məntəqəsi ilə bağlı xoş sözlərə görə təşəkkür edib. “Bəli, biz vədlər vermişik, bizim nəqliyyat nazirimiz, gömrük xidmətinin rəhbəri, həmkarlarımız var – Aleksey Loqvinoviç, hamı onlara çox ciddi yanaşır, biz ümumilikdə bütün vədlərimizə ciddi yanaşır və onlara əməl edirik”, - Mişustin bildirib.
Turan İSMAYIL