"Putinin bunu etdiyini təsəvvür edə bilmirəm" - Lukaşenko Priqojinin ölümündən DANIŞDI

 17:36 25.08.2023     494

"Bunu kimin etdiyini deyə bilmərəm. Hətta böyük qardaşımın vəkili də olmayacağam. Amma mən Putini tanıyıram. O, ehtiyatlı, çox sakit və hətta ləng adamdır, başqa, daha az mürəkkəb məsələlərdə qərarlar verir. Buna görə də, Putinin bunu etdiyini, Putinin günahkar olduğunu təsəvvür edə bilmirəm. Bu baxımdan çox kobud, qeyri-peşəkar işdir”.

Redaktor.az "Sputnik Belarus"a istinadla xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko “Vaqner”in qurucusu Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğraması ilə bağlı danışrakən bildirib. O, bu məsələdə Vladimir Putinin günahkar olduğunu təsəvvür edə bilmədiyini deyib.

Lukaşenko qeyd edib ki, indi çoxları fəlakətin məsuliyyətini Rusiya prezidentinin üzərinə “asmağa” çalışır. Lakin Belarus dövlət başçısının sözlərinə görə, Rusiya liderinin bununla heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, çərşənbə günü Tver vilayətinin Kujenkino kəndi yaxınlığında Moskvadan Sankt-Peterburqa uçan şəxsi Embraer Legacy təyyarəsi qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarədə olan on nəfərin hamısı həlak olub. Federal Hava Nəqliyyatı Agentliyinin təqdim etdiyi sərnişinlərin siyahısına əsasən, sərnişinlər arasında Yevgeni Priqojin də var. Agentlik həmçinin bildirib ki, təyyarə biznes daşımalarında ixtisaslaşmış “MNT-Aero” MMC-yə məxsus olub.
Rusiya İstintaq Komitəsi Tver vilayətində baş vermiş təyyarə qəzasından sonra yol hərəkəti təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması ilə bağlı iş açıb. Əlavə edilir ki, hadisə yerinə istintaq-əməliyyat qrupu yola düşüb, bütün zəruri ekspertizalar təyin olunacaq, qəzanın səbəblərini müəyyən etmək üçün bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçiriləcək.

Turan İSMAYIL