86 yaşlı kişi qardaşının şəxsiyyətini oğurlayıb və yarım əsr onun adı ilə yaşayıb

 23:14 25.08.2023     447

86 yaşlı amerikalı qardaşının şəxsiyyətini oğurlamaqda təqsirli bilinib.

Redaktor.az Fox News-a istinadən xəbər verir ki, həmin şəxs sosial sığorta nömrəsindən istifadə edərək pul qazanmağa çalışıb.

Men ştatının Etna şəhərindən olan Napoleon Qonzales mərhum qardaşı Gilermonun şəxsiyyətini öz üzərinə götürüb.. Gilermo 1939-cu ildə uşaq ikən vəfat edib və 1965-ci ildə Napoleon ilk dəfə onun adından istifadə edib. O, yarım əsr Gilermo adı ilə yaşayıb və bir neçə pasport, şəxsiyyət vəsiqəsi və əlavə ödənişlər aldığı əlavə sosial sığorta nömrəsini qeydiyyatdan keçirə bilib.

O, ilk dəfə 2010-cu ildə dələduzluqda şübhəli bilinib, bununla əlaqədar ödənişlərin bir hissəsi dayandırılıb. Və 2020-ci ildə elektron üz tanıma sistemi Qonzalesi iki fərqli şəxsiyyət vəsiqəsində tapdıqdan sonra yeni bir araşdırma başlayıb. Avqustun 18-də həmin şəxs bir neçə dələduzluq ittihamı ilə məhkəmə qarşısına çıxıb.

Dinləmə zamanı Qonzales məhkəməyə bildirib ki, o, 1960-cı illərdə gizli əməliyyatda iştirak etdiyi üçün Hərbi Hava Qüvvələri Xüsusi İstintaq Departamentinin göstərişi ilə qardaşının şəxsiyyətini öz üzərinə götürüb. O, həmçinin etiraf edib ki, sonradan öz ölümünü saxtalaşdırıb və qardaşının sənədləri ilə yaşamağa davam edib.

Qonzales günahı sübuta yetirilərsə, onu 20 ilə qədər həbs cəzası gözləyir. Vəkili Harris Mattsonun sözlərinə görə, prokuror bütün ittihamları sübut edə bilməyib və onun müvəkkili yaşını nəzərə alaraq həbsdən yayınmalıdır.

Turan İSMAYIL