Bu aviaşirkət sərnişinlərin də çəkilərini ölçəcək
Cənubi Koreyanın “Korean Air” aviaşirkəti uçuşdan əvvəl anonim şəkildə sərnişinlərin çəkisini ölçməyi planlaşdırır.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, burada məqsəd tələb olunan yanacağın miqdarını dəqiqləşdirmək və təyyarədə çəki balansını dəqiqləşdirməkdir.
Şirkətin yaydığı məlumata görə, avqustun 28-dən bu təşəbbüsü həyata keçirməyə başlayacaq.
Bildirilir ki, “Korean Air” bir çox digər aviaşirkətlər kimi təyyarənin ümumi çəkisinin mütləq olaraq hesablanması proseduruna məruz qalır.
Qeyd olunub ki, sərnişinlər və onların baqajının çəkisi anonim olaraq ölçüləcək, toplanmış məlumatlar isə Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyinə təqdim ediləcək.
Bununla belə, sərnişinlər sözügedən prosedurdan imtina edə bilərlər. Onların bu barədə aviaşirkət əməkdaşlarına məlumat verməsi kifayətdir.
Qeyd edək ki, bu ilin may ayında “Air New Zealand” aviaşirkəti də bəzi sərnişinlər arasında analoji proqrama başlayıb. Belə ki, şirkət beynəlxalq reyslərdə sərnişinlərin çəkisinin ölçülməsinə başlayıb.