Daha bir ölkədə hərbçilər hakimiyyəti ələ keçirdi

 14:31 30.08.2023     339

Qabon Prezidenti Ali Bonqo Ondimba ev dustaqlığındadır.

Redaktor.az xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Həmçinin o da bildirilib ki, Qabon liderinin oğlu hərbçilər tərəfindən saxlanılıb.

Qeyd edək ki, bu gün Qabon Silahlı Qüvvələrinin bir qrup yüksək rütbəli zabiti milli televiziya vasitəsilə hakimiyyətə gəldiklərini və avqustun 26-da keçirilmiş prezident və parlament seçkilərinin nəticələrinin ləğv edildiyini bəyan ediblər.

***

Qabon Silahlı Qüvvələrinin bir qrup yüksək rütbəli zabiti milli televiziya vasitəsilə hakimiyyətə gəldiklərini və avqustun 26-da keçirilmiş prezident və parlament seçkilərinin nəticələrinin ləğv edildiyini bəyan ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Bildirilib ki, üsyançılar arasında təhlükəsizlik xidmətinin, milli və prezident qvardiyasının, ordunun və polisin nümayəndələri də var.

Çevriliş Qabonun seçki mərkəzinin ölkənin hazırkı prezidenti Əli ben Bonqo Ondimbanın 64,2% səslə üçüncü müddətə yenidən seçildiyini elan etməsindən dərhal sonra baş verib. Dövlət başçısının əsas rəqibi 30,7 faiz səs toplayan Albert Ondo Ossa olub. Müxalifət seçkilər zamanı pozuntular olduğunu və nəticələr ilə razılaşmadığını açıqlayıb.

Seçki məntəqələri bağlandıqdan sonra ölkədə komendant saatı tətbiq edilib və internetə çıxış bağlanıb. Hökumət sözçüsünün sözlərinə görə, bu, zorakılığın, ona çağırışların və yalan məlumatların yayılmasının qarşısını almaq məqsədilə edilib.

Bundan əvvəl isə Qabonun sərhədləri bağlanmışdı. Daxili işlər naziri Lambert Noel Mata isə ölkədə sabitliyi və sülhü poza biləcək qüvvələr olduğunu bildirmişdi.

Bundan başqa Fransanın France 24 telekanalının və RFI radiostansiyasının da fəaliyyətini dayandırılıb.

Xatırladaq ki, bundan əvvəl Nigerdə hərbçilər hakimiyyəti ələ keçirib.