Polşa Belarusla sərhəd keçidlərini bağlamağa hazır olduğunu AÇIQLADI

 14:36 30.08.2023     228

Zəruri hallarda Polşa və Belarus sərhədindəki sərhəd keçid məntəqələri bağlanacaq və orada işləyən Polşa sərhədçiləri “yaşıl sərhəd”in mühafizəsinə göndəriləcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Polşa Sərhəd Xidmətinin nümayəndəsi leytenant Anna Mixalskaya məlumat verib.

“Əgər söhbət sərhədin bağlanmasına gəlsə, sərhəd mühafizəsi bölmələri bütün diqqətini Belarusla “yaşıl sərhəd” adlanan ərazinin mühafizəsinə cəmləyəcək”, - o, deyib. Mixalskaya qeyd edib ki, son vaxtlar sərhədi qanunsuz keçməyə bir neçə cəhdin qeydə alındığı günlər olub: "Bu, bir tərəfdən nikbinliyi ruhlandırsa da, digər tərəfdən, xaricilərin böyük bir qrupda keçmək üçün Belarusda başqa yerlərdə cəmləşdiyini göstərə bilər”.

Polşanın daxili işlər naziri Mariuş Kaminski daha əvvəl xəbərdarlıq etmişdi ki, Polşa sərhədi “odlu silahdan istifadə və ya kütləvi şəkildə qeyri-qanuni sərhəd keçidi” adlandırdığı “kritik insident” halında bağlana bilər.

2023-cü ildə Polşa sərhədçisi Belarus ərazisindən Polşaya qanunsuz daxil olmaq üçün təxminən 18,5 min cəhd qeydə alıb. 2021-ci ildə 40 min, 2022-ci ildə 15,7 min belə cəhd olub.

Turan İSMAYIL