Ukrayna bu qırıcılara ABŞ-ın "Sidewinder" raketlərini quraşdıra bilər

 16:38 30.08.2023     344

Ukrayna ABŞ-ın yeni yardım paketində vəd etdiyi AIM-9M "Sidewinder" hava-hava raketlərini Su-27 və MiQ-29 qırıcılarına quraşdıra bilər.

Redaktor.az xəbər verir ki, bu fikri jurnalist Devid Eks “Forbes” jurnalında dərc olunan məqaləsində bildirib.

Jurnalistin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrində sovet R-73 hava-hava tipli idarə olunan raketlərinin ehtiyatları sürətlə tükənir. "Ukraynalılar "Sidewinder" raketlərindən istifadə etmək üçün Danimarka və Hollandiya hakimiyyəti tərəfindən vəd edilən F-16 qırıcılarının çatdırılmasını gözləmədikcə, onlar MiQ-29 və Su-27 təyyarələrinə "Sidewinder" inteqrasiya etməli olacaqlar", - Eks deyib.

Onun sözlərinə görə, belə inteqrasiya tamamilə mümkündür və istəsəydi, ukraynalılar bunu həyata keçirə bilərdilər. Bu məsələdə həlledici amil, jurnalistin polşalı ekspertin hesablamalarına istinadən yazdığı kimi, “bütün əlavə avadanlıqların enerji təchizatı” olacaq.

Bundan əvvəl ABŞ administrasiyası Ukraynaya 250 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlamışdı. ABŞ dövlət katibi Entoni Blinkenin yazılı açıqlamasına görə, bu paketə hava hücumundan müdafiə sistemləri üçün AIM-9M raketləri, HIMARS MLRS mərmiləri, 155 mm və 105 mm-lik artilleriya sursatları, minatəmizləmə avadanlıqları, “Javelin” tank əleyhinə raket kompleksləri, 3 milyondan çox atıcı silah patronu və təcili yardım maşınları daxil olacaq.

Avqustun 20-də Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə 42 F-16 qırıcı təyyarəsinin tədarükü ilə bağlı Amsterdamla “sıçrayış sazişi” imzalayıb. Danimarka da 19 F-16 qırıcısını Ukraynaya təhvil verməyə hazır olduğunu açıqlayıb, ilk 6 təyyarə Yeni ildən əvvəl gələcək. Danimarka və Hollandiya artıq doqquz ölkənin köməyi ilə ukraynalı pilotların hazırlığını elan ediblər.

Turan İSMAYIL