Kiyevlə Kopenhagen F-16-larla bağlı razılığa gəldi

 22:58 30.08.2023     358

Kiyev və Kopenhagen Ukraynada F-16 qırıcılarının təmiri və texniki xidmətini təmin etmək üçün logistika üzrə işə başlamaq barədə razılığa gəliblər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Danimarka müdafiə naziri Fleminq Lentferlə telefon danışığından sonra bildirib.

"Biz Danimarkalı tərəfdaşlarla Ukraynada F-16 qırıcılarının texniki xidmətini və təmirini təmin etmək üçün logistika üzərində işə başlamaq barədə razılığa gəldik", - Zalujnı Telegram kanalında yazıb. Onun sözlərinə görə, söhbətdə ukraynalı pilotların və texniki heyətin Danimarkada hazırlanmasına da toxunulub. "General Lentfer bildirib ki, bəzi pilotlarımız artıq hazırlıq işlərini uğurla başa vurub və uçuş hazırlığına başlaya bilərlər", - Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Qərbin vəd etdiyi F-16 qırıcılarının gələn ilin yazında ilk dəfə ukraynalı pilotlar tərəfindən istifadə oluna biləcəyini bildirmişdi.

Avqustun 20-də Ukrayna Prezidenti Volodimir Zelenski Hollandiya ilə Ukraynaya 42 F-16 qırıcı təyyarəsinin tədarükünə dair sıçrayışlı razılaşmanın olduğunu açıqlayıb. Danimarka həmçinin gələn ilin əvvəlinə qədər 6-sı Ukraynaya gedəcək 19 F-16 qırıcısını Kiyevə təhvil verməyə hazır olduğunu açıqlayıb. Danimarka Hərbi Hava Qüvvələrinin 30-a yaxın qırıcısı var və ölkə daha müasir F-35-lərə keçdikdə onlar istismardan çıxacaqlar. Hollandiya Hərbi Hava Qüvvələrində bu təyyarələrdən 42-si var.

Turan İSMAYIL