ABŞ Ukrayna taxılının daşınması üçün alternativ yol tapıb

 23:40 30.08.2023     326

ABŞ administrasiyası Rumıniya və Moldova hakimiyyətləri ilə birlikdə Ukrayna taxılının alternativ yollarla, o cümlədən Dunay boyunca tədarükünü artırmaq imkanını təmin etmək üçün işləyir.

Redaktor.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə amerikalı rəsmilər məlumat verib.

"Biz alternativ marşrutları, ilk növbədə, Dunay marşrutunu dəstəkləməyi nəzərdən keçiririk", - deyə Dövlət Departamentinin rəsmisi bildirib. "Marşrut NATO-nun ərazi suları daxilindədir. Ona görə də bu, bizim üçün çox cəlbedicidir, çünki bu, daha təhlükəsiz dəhlizdir". Rəsmi şəxsin sözlərinə görə, göstərilən marşrut “əhəmiyyətli həcmdə” yüklərin çatdırılmasına imkan verə bilər. "Biz bu marşrutu izləməklə həcmi iki dəfə artırmağa çalışacağıq", - o əlavə edib.

ABŞ rəsmilərinin sözlərinə görə, yaxın bir neçə həftə ərzində Rumıniya və Moldova həmkarlarının iştirakı ilə Dunay boyunca Ukrayna taxılının tədarükünün artırılması məsələsi üzrə məsləhətləşmələr planlaşdırılır. ABŞ rəsmisi həmçinin qeyd edib ki, ABŞ Rusiya ilə taxıl sazişində iştiraka qayıtması ilə bağlı məsələlər üzərində Türkiyə ilə işləyir. “Biz danışıqlarda birbaşa iştirak etmirik, lakin əməkdaşlarımız yenilənmə səylərini dəstəkləmək üçün BMT və türklərlə sıx əməkdaşlıq edir”, - ABŞ rəsmisi sitat gətirib.

Turan İSMAYIL