Qazaxıstan neftini Xəzər və Qara dəniz vasitəsilə daşımaq üçün tankerlər alır - Bloomberg

 19:19 31.08.2023     340

Qazaxıstan neftini Xəzər və Qara dənizlər vasitəsilə nəql etmək üçün tankerlər alır. Bu, ölkənin Rusiyadan keçən əsas ixrac boru kəmərinə alternativ axtarışına işarədir.

Redaktor.az bu barədə Bloomberg-ə istinadən xəbər verir.

“Qazaxıstanın dövlətə məxsus “KazMunayQaz” SC SC-nin bölməsi artıq neftin Xəzər dənizi ilə nəqli üçün hər birinin dedveyti 8 min ton olan iki tanker (neft sənayesi standartlarına görə nisbətən kiçik gəmilər) alıb”, - materialda deyilir.

Qazaxıstanın energetika nazirinin müavini Yerlan Akkenjenov bildirib ki, Qara dənizdə işləmək üçün hər birinin dedveyti 80 min ton olan daha iki gəminin alınması planlaşdırılır.

Qazaxıstan bu alternativləri araşdırır, baxmayaraq ki, Rusiya ərazisindən keçən Xəzər Boru Kəməri Konsorsiumu (CPC) ölkədən neft ixracı üçün ən sərfəli marşrut olaraq qalır.

Akkenjenovun sözlərinə görə, digər nəqliyyat növlərinin Xəzər Boru Kəməri Konsorsiumu ilə rəqabət aparması çətindir.

Keçən il CPC Qazaxıstanın neft ixracının təxminən 80%-ni ölkənin əsas yataqlarından qurudakı boru kəməri vasitəsilə Rusiyanın Novorossiysk limanı yaxınlığındakı Qara dəniz tanker terminalına çatdırmaqla nəql edib.

Terminaldan alınan neft Ukraynanın işğalından sonra Rusiya neftinin Avropaya tədarükü üçün getdikcə daha vacib alternativə çevrilir.

Bununla belə, 2022-ci ilin yaz və yay aylarında terminalın işindəki fasilələr Qazaxıstanı neft hasilatını müvəqqəti məhdudlaşdırmağa məcbur edib. Müharibə həm də bölgədə gəmiçilik riskini artırıb.

Qazaxıstan bu il artıq Xəzər dənizi və Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Azərbaycandan Türkiyəyə 300 min ton neft ixrac edib və bu il ümumilikdə təxminən 1,5 milyon ton neft göndərməyi planlaşdırdığını bildirib.

Xatırladaq ki, Rusiya taxıl sazişindən çıxdıqdan və Ukraynanın Qara dəniz limanlarına silsilə zərbələr endirdikdən sonra dəniz dronları Novorossiysk limanında Rusiyanın “Oleneqorski Qornyak” desant gəmisinə, eləcə də Kerç boğazında SIG neft tankerinə hücum edib.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kreml Ukrayna limanlarına hücumları davam etdirməyə qərar verərsə, Rusiya gəmiləri müharibə bitməmiş məhv edilə bilər.

Bundan sonra energetika naziri Almasad Satkaliyev bildirib ki, Qazaxıstan Rusiyanın Novorossiysk limanı vasitəsilə ixrac etdiyi neftin təhlükəsizliyini təmin etmək istəyir. 

Turan İSMAYIL