Ukraynanın məşhur ixtiraçısı işğalçılarla döyüşdə həlak oldu

 17:52 01.09.2023     301

Ukrayna daha bir qəhrəman müdafiəçisini itirib - sosial innovasiyalar üzrə dəfələrlə çempion, ixtiraçı Boris Çubin rus işğalçıları ilə döyüşdə həlak olub.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, 24 yaşlı gəncin ölümü barədə anası Tatyana Çubina feysbuk sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, Boris Avdiivka yaxınlığında 2023-cü il avqustun 30-da Yakov Qandzyuk adına 59-cu əlahiddə motoatıcı briqadanın tərkibində döyüş tapşırığını yerinə yetirərkən həlak olub.

Nəşr qeyd edib ki, Boris Çubin müasir nəslin ən məşhur ukraynalılarından biridir, sosial innovasiyalar üzrə dəfələrlə ölkə çempionu olub. 

Məlumdur ki, Boris Çubin xüsusilə yeniyetmə ikən əlillərin şəhərdə maneəsiz hərəkət etməsinə kömək edən "iHelp" cihazını kor və görmə qabiliyyəti zəif olan insanlar üçün yaradıb. Onun ikinci inkişafı bağbanlar üçün müəyyən bitkilərin necə və nə vaxt əkilməsi barədə təlimat verən "Garden club" smartfon proqramıdır. Üçüncüsü, kor və zəif görənlərin yaşlarından asılı olmayaraq bir-biri ilə sərbəst ünsiyyət qura bilmələri üçün sosial şəbəkədir.

Kor insanlar üçün naviqasiya mini-kompüterinin yaradılmasına görə Çubin "İnnovativ sıçrayış-2013" Ümumkrayna müsabiqəsinin qalibi kimi tanınıb. Onun “Kor və görmə qabiliyyətini itirmiş şəxslər üçün bərabər imkanların yaradılması” layihəsi beynəlxalq münsiflər heyəti və yüksək texnologiyalı ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Nüfuzlu müsabiqədə 248 ukraynalı ixtiraçı, proqramçı və robot mühəndisi qələbə uğrunda mübarizə aparıb.

Çubin ingilis, alman və çin dilində danışırdı. 2014-cü ilin mart ayında Almaniyanın nüfuzlu gimnaziyalarından birində təhsil almaq üçün qrant aldı, lakin Ukrayna ordusuna inkişaflarında kömək etmək üçün Ukraynada qalmağa qərar verərək imtina etdi.

Boris Odessa bölgəsində eyni anda iki universitetin ikinci kursuna daxil olan yeganə məzun olub - o, bank işi və beynəlxalq hüququ öyrənmişdi.

Turan İSMAYIL