Belarus Polşa helikopterinin sərhədi pozduğunu açıqladı - VİDEO

 21:40 01.09.2023     322

Polşanın Mi-24 hərbi helikopterinin bu gün, sentyabrın 1-də Belarus sərhədini pozduğu iddia edilir.

Redaktor.az RBC-Ukrayna-ya istinadla xəbər verir ki, bu barədə Belarus Respublikasının Dövlət Sərhəd Komitəsi bildirib.

“Sentyabrın 1-də günorta saatlarında Belarus sərhədçiləri Qrodno vilayətinin Berestoviçi rayonunda Polşa tərəfindən Belarusun hava məkanının pozulması faktını qeydə alıblar”, - məlumatda deyilir.

Belarus bəyan edib ki, Polşanın hərbi helikopteri Mi-24 dövlət sərhədini həddindən artıq alçaq hündürlükdə keçib, Belarus ərazisinə 1200 metrə qədər dərinliyə uçub və sonra geri qayıdıb.

"Bu hadisə ilə bağlı Polşa tərəfi məlumatlandırılıb", - Komitə əlavə edib.

Xatırladaq ki, bundan əvvəl Belarusun iki döyüş helikopteri Mi-8 və Mi-24 Polşanın dövlət sərhədini pozmuşdu. Onlar “məşqlər” zamanı Polşa kəndlərindən birinin üzərindən uçublar.

Polşa Müdafiə Nazirliyi insidenti təsdiqləyib və Belarusla sərhədin mühafizəsinin gücləndirilməsi barədə göstəriş verib. Eyni zamanda, polşalı general sərhəd yaxınlığında döyüş helikopterlərinin yerləşdirildiyini, lazım gələrsə, atəş açmağa hazır olduğunu qeyd edib.

Turan İSMAYIL