Ukraynada 180 mindən çox kişi səfərbərlikdən möhlət hüququndan məhrum ediləcək

 16:14 04.09.2023     386

Ukraynada 30 yaşdan yuxarı ikinci və ya ali təhsil alan 180 mindən çox kişi səfərbərlikdən möhlət hüququndan məhrum edilə bilər.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, hərbi vəziyyət şəraitində ikinci və ya ali təhsil alan 30 yaşdan yuxarı ukraynalılar üçün səfərbərlikdən möhlətin ləğvi haqqında qanun layihəsi bazar ertəsi Ali Radanın saytında dərc edilib. Qanun layihəsində qeyd olunub ki, 2022-ci ildə 106 771 kişi “əvvəlki təhsil səviyyəsinə bərabər və ya ondan aşağı təhsil səviyyəsi” alaraq təhsil müəssisələrinə daxil olub. Eyni zamanda, 28 avqust 2023-cü il tarixinə belə kişilərin sayı 74 059 nəfər olub. Yeni qanun layihəsinə əsasən, onlar səfərbərlik zamanı hərbi xidmətdən möhlət hüququndan məhrum ediləcəklər.

Qanun layihəsinin müəllifləri, o cümlədən prezidentyönlü “Xalq qulluqçusu” partiyasının deputatı və Ukrayna prezidentinin Radadakı nümayəndəsi Fyodor Venislavski açıq şəkildə etiraf edirlər ki, qanun layihəsi hökumətin Ukrayna silahlı qüvvələri üçün səfərbərlik imkanlarının artırılmasına yönəlib.

Qeyd edək ki, ötən ilin fevral ayından Ukraynada ümumi səfərbərlik elan edilib və dəfələrlə uzadılıb, eyni zamanda, ölkə hakimiyyəti hərbi yaşda olan kişilərin xidmətdən yayınmaması üçün əlindən gələni edir. Xüsusən də onların xaricə çıxması qadağan edilib, dövlət qurumlarında, küçələrdə, insanların sıx toplaşdığı istənilən yerlərdə çağırış vərəqələri verilir. Avqustun 23-də Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hərbçilər ondan səfərbərlik tədbirlərini gücləndirməyi xahiş ediblər.

Turan İSMAYIL