Rusiyanın Ka-52 helikopteri dənizə düşdü
Rusiyanın Ka-52 döyüş helikopteri sentyabrın 1-də Azov dənizində qəzaya uğrayıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.
Teleqram kanalının xilasetmə xidmətindəki mənbələrinə görə, helikopter sentyabrın 1-də səhər saatlarında Azov dənizində, sahil zolağından təxminən 1,5 km aralıda qəzaya uğrayıb.
İlkin versiyaya görə, qəzaya səbəb çətin hava şəraiti olub - ərazidə güclü duman olub.
Bildirilir ki, Ka-52-nin göyərtəsində iki ekipaj üzvü olub. Xilasetmə əməliyyatı zamanı onlar təxliyə edilib.
Qeyd edək ki, bu, son vaxtlar Rusiyada helikopter qəzası ilə bağlı yeganə hadisə deyil.
Məsələn, avqustun 29-da FTX-yə məxsus Mi-8 helikopteri Çelyabinsk vilayətində qəzaya uğrayıb. Helikopterdə olan hər üç nəfər həlak olub.
Bundan əlavə, iyulun 27-də Altayda Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub.
Turan İSMAYIL