"Türkiyə prezidentinə göstərdiyi səylərə görə minnətdarıq” - Putin
Ukrayna ilə bağlı yeni sülh təşəbbüsləri Rusiya ilə müzakirə olunmayıb və Kiyev bu istiqamətdə əvvəlki layihələri “zibilliyə göndərib”.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya-Türkiyə danışıqlarının yekunlarına dair mətbuat konfransında deyib.
"Biz bəzi yeni təşəbbüslər (Ukrayna böhranının həlli ilə bağlı - red.) haqqında eşidirik, lakin bu, bizimlə heç vaxt müzakirə olunan məsələ deyil. Ona görə də biz yeni heç nə qəbul etmirik", - Putin bildirib.
O qeyd edib ki, Moskva bilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə “Rusiya və Ukrayna nümayəndə heyətləri arasında razılıq əldə olunub, sənədlərin layihələri razılaşdırılıb”, amma sonra “Ukrayna onları zibilliyə göndərib”. "Sadəcə, heç kim buna qayıtmır", - Rusiya dövlətinin başçısı əlavə edib.
“Vasitəçilik xidmətlərinə gəlincə, biz onlardan heç vaxt imtina etməmişik”, - deyə o davam edib: “Biz həm Çin, həm də Afrika dövlətlərinin vasitəçilik təklifləri və təşəbbüslərindən xəbərdarıq”.
Putin həmçinin qeyd edib ki, Türkiyə prezidenti hər zaman Ukraynadakı vəziyyətin həllinə, o cümlədən “üz-üzə danışıqlarda” böyük diqqət göstərib və göstərməkdə davam edir. “Əlbəttə ki, biz Türkiyə prezidentinə bu istiqamətdə göstərdiyi səylərə görə minnətdarıq”, - Rusiya prezidenti bildirib.
Turan İSMAYIL