Yunanıstan Akropola gündəlik ziyarətçi sayını məhdudlaşdırdı
Yunanıstan UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Akropolu daha yaxşı qorumaq üçün sentyabrın 4-dən Afinakı abidəyə gündəlik ziyarətçi sayını 20 min nəfərədək məhdudlaşdırıb.
Redaktor.az xəbər verir ki, bu barədə TASS "ERT-1" telekanalına istinadən məlumat verib.
Yunanıstanın Mədəni Resursların İdarə Edilməsi və İnkişafı Təşkilatının prezidenti Nikoletta Divari-Valakunun sözlərinə görə, səyahətçilər ziyarət üçün vaxtlarını ya Akropolun kassasında, ya da onlayn olaraq seçə bilərlər.
“Akropolu müxtəlif aylarda gündəlik 12-16 min insan ziyarət edirdi, lakin iyulun əvvəlində gündəlik 22 min ziyarətçi ilə rekord müəyyənləşib. Bu səbəbdən gündə 20 min ziyarətçi limiti tətbiq edəcəyik. Abidəyə giriş 12 saat ərzində - səhər saat 8-dən axşam 20-dək olacaq. Limit dolmayıbsa, ziyarətçi dərhal Akropola girə biləcək, əks halda sistem ona boş olan ən yaxın saat intervalını seçməyə imkan verəcək”, - Divari-Valaku deyib.
Akropolu ziyarət etmək niyyətində olan turistlər seçdikləri vaxtdan yarım saat əvvəl onun girişinə gəlməlidirlər. Divari-Valaku bildirib ki, abidənin ərazisinə giriş bu saatdan 15 dəqiqə əvvəl və ondan 15 dəqiqə sonra mümkündür və bu addım kiminsə təsadüfən gecikməsi və ziyarət sessiyasını qaçırmasının qarşısını almaq üçün atılıb (report).