"Ermənistan və ABŞ-ın təlimlərinin keçirilməsi ilə bağlı məlumatlar narahatlıq doğurur" - Peskov

 14:02 06.09.2023     325

Ermənistan ərazisində erməni-amerikan birgə təlimlərinin keçirilməsi ilə bağlı məlumatlar narahatlıq doğurur, Moskva bu vəziyyəti dərindən təhlil edəcək və onun inkişafına nəzarət edəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Təlimlərə görə, təbii ki, bu cür xəbərlər xüsusilə indiki vəziyyətdə narahatlıq doğurur. Ona görə də biz bu xəbəri dərindən təhlil edəcəyik və vəziyyəti izləyəcəyik", - deyə o, müvafiq sualı cavablandırıb.

Qeyd edək ki, bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi sentyabrın 11-dən 20-dək Ermənistan ərazisində Ermənistan və Amerika Birləşmiş Ştatlarının "Qartal Tərəfdaş 2023" birgə hərbi təlimlərinin keçiriləcəyini bildirib.

Bazar ertəsi NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Fehlinger bəyan edib ki, Ermənistan Şimali Atlantika Alyansına qoşulmalıdır. Həmin gün Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bəyan edib ki, ölkə NATO ilə müxtəlif formatlarda əməkdaşlıq edir və bu prosesi davam etdirməyə hazırdır.

Turan İSMAYIL