Medvedevin oğlu ukraynalıların “pasportlaşdırılması” ilə məşğul olub

 17:14 07.09.2023     323

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin oğlu İlya Medvedev Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərdə Ukrayna vətəndaşlarının qanunsuz “pasportlaşdırılması” ilə məşğul olub. Xüsusilə, o, ukraynalıların Rusiya pasportlarını aldığı portalın yaradılmasına nəzarət edib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın RBC nəşri məlumat yayıb.

"Partiya adından İlya Medvedev "Vahid Rusiya" Baş Şurasının qərarı ilə bu ilin may ayında Federasiyanın yeni subyektlərinin sakinləri üçün "Mən Rusiyadayam" portalının yaradılması layihəsinin icrasını əlaqələndirib”, - partiyanın mətbuat xidmətindən bildirilib.

Sentyabrın 7-də “Vahid Rusiya”nın rəhbəri Dmitri Medvedev portalın hazırlanmasının başa çatdığını elan edib.

Onun sözlərinə görə, Rusiyanın işğal etdiyi ərazilərdə ukraynalılar guya sənədlərin və sosial ödənişlərin rəsmiləşdirilməsində çətinliklər yaşayırlar.

Qeyd edək ki, Ukrayna ərazilərinin bir hissəsinin işğalından sonra rus işğalçıları yerli əhalini rus pasportu almağa məcbur etməyə başlayıblar.

Turan İSMAYIL