Blinken işğaldan azad edilmiş ərazilərə baş çəkdi

 19:09 07.09.2023     481

ABŞ dövlət katibi Entoni Blinken 2022-ci ildə işğaldan azad edilmiş Ukraynanın Kiyev və Çerniqov vilayətlərinin bəzilərinə səfər edib. O, minaların təmizlənməsinin illər çəkəcəyini bildirib.

Redaktor.az xəbər verir ki, o, bu barədə özünün X (keçmiş tviter).sosial şəbəkə hesabında yazıb.

"Bu, illər çəkəcək, lakin cəsur ukraynalılar artıq yolları, parkları və uşaq meydançalarını partlamamış mina və hərbi sursatlardan təmizləmək üçün çalışırlar. ABŞ onların səylərini minalardan təmizləməyə əlavə 90,5 milyon dollar yardımla dəstəkləyir", - Blinken bildirib.

O, həmçinin Çerniqov vilayətinin Yaqodnoye kəndindəki məktəbin zirzəmisinə düşüb. Həmin yerdə işğalçı qüvvələr onlarla sakini, o cümlədən qocalar və uşaqlar zindanlarda saxlayıblar.

"Bu, sadəcə bir binadır, lakin eyni hekayələr təkrar-təkrar təkrarlanır. Amma biz həm də inanılmaz dərəcədə güclü başqa bir şey görürük... Ukrayna xalqının qeyri-adi dayanıqlılığı" - "The Guardian" Blinkenin sözlərini sitat gətirib.

Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinken çərşənbə günü, sentyabrın 6-da Kiyevə gəlib. Səfər zamanı o, prezident Volodimir Zelenski, eləcə də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.

Blinken daha sonra ABŞ-ın Ukraynaya 1 milyard dollar yardım edəcəyini açıqlayıb. Bu məbləğin böyük əksəriyyəti - 665 milyon dollar hərbi və mülki təhlükəsizlik yardımına yönəldiləcək.

Turan İSMAYIL