Ermənistanla birgə təlimlərdə iştirak edəcək ABŞ hərbçilərinin sayı AÇIQLANDI

 11:29 08.09.2023     530

Təxminən 85 amerikalı hərbçi ABŞ və Ermənistan arasında “Qartal Tərəfdaş 2023” adlı birgə təlimlərdə iştirak edəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ ordusunun Avropa və Afrikadakı komandanlığı məlumat yayıb.

“Sentyabrın 11-dən 20-dək keçiriləcək təlimlərdə 85 amerikalı və 175 erməni hərbçi iştirak edəcək. Təlimlərə ABŞ-ın 101-ci hava-desant diviziyasının 1-ci briqadasının və Ermənistanın 20 ildən artıq əməkdaşlıq proqramına malik olduğu Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edəcək".

Polkovnik Martin O'Donnell qeyd edib ki, təlim ölkələrə "taktiki səviyyədə əlaqələr qurmağa" və sülhməramlı əməliyyatlar üçün bölmələrin "qarşılıqlı işləmə qabiliyyətini" artırmağa imkan verəcək.

Sentyabrın 6-da Ermənistan Müdafiə Nazirliyi sentyabrın 11-dən 20-dək Ermənistan ərazisində Ermənistan və Amerika Birləşmiş Ştatlarının "Qartal Tərəfdaş 2023" birgə hərbi təlimlərinin keçiriləcəyini bildirib.

Sentyabrın 7-də Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycan Ermənistanla sərhəddə və "Qarabağ"la bölücü xəttdə qoşun cəmləşdirib. Onun fikrincə, “vəziyyət elədir ki, beynəlxalq ictimaiyyət və BMT Təhlükəsizlik Şurasına üzv dövlətlər regionda yeni partlayışın qarşısını almaq üçün ciddi tədbirlər görməlidir”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Ermənistan və ABŞ arasında hərbi təlimlər regionda vəziyyətin sabitləşməsinə kömək etmir. O əlavə edib ki, Rusiya təhlükəsizlik qarantı kimi öz funksiyalarını yerinə yetirməkdə davam edir, Moskva da həm İrəvan, həm də Bakı ilə ardıcıl və konstruktiv işi davam etdirir.

Turan İSMAYIL