Paşinyanın arvadının Kiyevə səfəri müxalifəti qəzəbləndirdi: "Ukrayna Azərbaycanın qələbəsini gözləyən dövlət idi"
Ermənistan parlamentinin müxalifət fraksiyasının üzvü Anna Mkrtçyan baş nazir Nikol Paşinyanın arvadı Anna Akopyanın Ukraynaya səfərini yersiz adlandırıb və qeyd edib ki, rəsmi Kiyev həmişə anti-erməni siyasət yürütüb.
Redaktor.az-ın TASS-a istinadla məlumatına görə, müxalifətçi Anna deyib ki, Ukrayna 2020-ci ildə Azərbaycanın müharibədə qalib gəlməsini səbirsizliklə gözləyən dövlət idi:
"Ukrayna bütün ölkəsini “Qarabağ Azərbaycandır” pankartları ilə dolduran dövlət idi”, - deputat bildirib.
Anna Akopyan Ermənistanın baş nazirinin arvadı kimi ilk dəfə Kiyevə səfər edib və üçüncü “birinci xanımlar və cənablar forumunda” iştirak edib. Yerli mətbuatın yazdığına görə, o, Ukraynaya humanitar yardım da bağışlayıb.
Turan İSMAYIL