Britaniya kəşfiyyatı Rusiyanın taxıl sazişindən çıxmasının məqsədini açıqladı

 15:58 08.09.2023     225

Rusiyanın taxıl sazişindən çıxmasında məqsəd müharibə zamanı Ukrayna iqtisadiyyatını sarsıtmaq idi. Alternativ marşrutlar çətin ki, ərzaq ixracı üçün dəniz yollarını kompensasiya etsin.

Redaktor.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin "X" (keçmiş tviter) sosial şəbəkə hesabında məlumat verilib.

Xülasədə qeyd edilib ki, Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində Ukrayna taxılının uğurlu ixracı dünya qiymətlərinin aşağı düşməsinə və ərzaq təhlükəsizliyinə kömək etdi. Təşəbbüs zamanı qlobal bazara 32 milyon tondan çox ərzaq daxil olub və ərzaq qiymətləri indeksi 2022-ci ilin martında ən yüksək həddi ilə müqayisədə 23% azalıb.

"İnkişaf etməkdə olan ölkələr xüsusilə ucuz qiymətlərdən, eləcə də Ukraynadan birbaşa taxıl idxalından faydalanıblar", - hesabatda deyilir.

Britaniya kəşfiyyatının məlumatına görə, Rusiyanın taxıl sazişindən çıxması Ukraynanın ixracatının azalmasına gətirib çıxarıb ki, bu da Ukrayna iqtisadiyyatına və onun müharibə səylərini dəstəkləmək qabiliyyətinə açıq-aşkar zərbə vurmaq cəhdidir. Müharibədən əvvəl kənd təsərrüfatı sektoru Ukraynanın ixracının 40%-ni təşkil edirdi və həyati əhəmiyyətli olaraq qalır; 2021-ci ildə ərzaq ixracı 28 milyard dollar gəlir əldə edib.

"Ukrayna taxıl ixracının çay, dəmir yolu və avtomobil nəqliyyatı kimi alternativ üsullarından istifadə etməklə uğur qazanıb, lakin bunun Qara dəniz ixrac marşrutlarının imkanlarına uyğun gəlməsi ehtimalı azdır", - Britaniya Müdafiə Nazirliyi qeyd edir.

Qeyd edək ki, iyul ayında Rusiya bir il ərzində Böyük Odessa limanlarından ərzaqların təhlükəsiz ixracına icazə verən taxıl sazişindən çıxdığını bildirib. Avqust ayında Ukrayna Qara dənizdə ticarət gəmiləri üçün müvəqqəti dəhlizlərin açıldığını elan edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl müqaviləsini bərpa etmək məqsədi ilə sentyabrın 4-də Soçiyə səfər edərək Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Onların danışıqları uğursuzluqla başa çatıb.

Turan İSMAYIL