Avropa Komissiyası Rusiyanın dondurulmuş aktivlərindən istifadə yollarını tapa bilmir - Səfir

 16:26 08.09.2023     246

Avropa Komissiyası (AK) Rusiyanın Avropa İttifaqında (Aİ) dondurulmuş aktivlərindən istifadə yollarının tapılmasında irəliləyiş əldə etməyib.

Redaktor.az xəbər verir ki, bunu RMF24 radiostansiyasına Polşanın Aİ-dəki səfiri Anjey Sadoş deyib.

“Təəssüflə etiraf edirəm ki, bu məsələ ilə bağlı demək olar ki, heç bir iş görülmür” - o, deyib.

Daha əvvəl bildirilmişdi ki, Avropa Komissiyası yay tətilinə qədər bu sahədə fəaliyyət planı hazırlayacaq. Polşa işçi qrupunun dərhal konkret qərarlar hazırlamağa başlayacağını gözləyir. Bu qrupun iclasının sentyabrın 13-də baş tutacağı gözlənilir.

Radiostansiyanın məlumatına görə, Aİ aktivlərin özünü toxunulmaz saxlayaraq, Rusiya aktivlərindən yığılan faizdən istifadə imkanını nəzərdən keçirir. Varşava bu vəsaitlərin tam müsadirə olunmasını gözləyir, onun bir hissəsini Ukraynadan olan qaçqınların qəbulu, eləcə də Rusiyanın enerji resurslarından imtina etdikdən sonra Avropanın üzləşdiyi çətinliklər kontekstində enerji infrastrukturunun inkişafı üçün kompensasiya kimi alacağına ümid edir.

RMF24 yazır ki, problem tez və qətiyyətli hərəkət etmək üçün siyasi iradənin olmamasıdır. Bundan əlavə, Avropa Mərkəzi Bankı və bir sıra Aİ ölkələri Rusiyanın aktivlərinin müsadirə edilməsinə qarşıdırlar və onlar belə bir addımın Avropa valyutasına inamı mənfi təsir edəcəyindən ehtiyat edirlər.

2022-ci ildən Avropa Komissiyası dəfələrlə bəyan edib ki, mövcud Avropa qanunvericiliyi Aİ-nin birtərəfli məhdudiyyətləri nəticəsində dondurulmuş xarici aktivlərin müsadirəsinə və onların başqa şəxsə və ya dövlətə verilməsinə icazə vermir. Eyni zamanda, 2022-ci ilin yayından etibarən AK bu cür vəsaitlərin müsadirəsini qanuniləşdirmək üçün Avropa qaydalarını dəyişdirmək üçün işə başlayıb. Avropa Komissiyasının məlumatına görə, Aİ-də Rusiya Federasiyası Mərkəzi Bankının təxminən 200 milyard avro aktivi və təxminən 24 milyard avro özəl fondu bloklanıb.

Turan İSMAYIL