"Moldova MDB ilə əlaqələri kəsməlidir" - Spiker

 22:55 11.09.2023     347

Moldova parlamentinin sədri İqor Qrosu respublikanın Müstəqil Dövlətlər Birliyi (MDB) ilə əlaqələrinin pozulmasının tərəfdarı olduğunu bildirib.

Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.

"Moldova Qərblə Şərq, Avropa İttifaqı və MDB arasında körpü olmaq fikrindən əl çəkməlidir. İki il əvvəl biz Avropaya inteqrasiya vektorunu seçdik. Bu, bizim yolumuzdur, bu partiyaya aid deyil, cəmiyyət üçün tarixi məqamdır. 30 ildir ki, Qərblə Şərq arasında körpü olmaq, Aİ və MDB ilə əlaqələr qurmaq üçün müxtəlif konsepsiyalar hazırlanıb. Təcrübələr 30 il davam etdi, gəlin onları öz üzərimizdə etməyi dayandıraq, bu, ağrılıdır”, - Qrosu TVR-Moldova telekanalında danışarkən deyib.

Qeyd edək ki, bu il Moldova parlamenti MDB çərçivəsində bağlanmış 10-dan çox sazişi denonsasiya edib. Moldovanın MDB-yə münasibəti 2020-ci ildə keçirilən prezident seçkilərində Maya Sandunun qələbəsi və 2021-ci ildə lideri Qrosu olan Fəaliyyət və Razılıq Partiyasının hakimiyyətə gəlməsindən sonra dəyişməyə başlayıb. Sandu heç vaxt MDB sammitlərində iştirak etməyib; bu il Kişinyovun Birliyə qarşı ritorikası kəskinləşib: Xarici işlər naziri Nikolae Popesku istifadə olunmayan və ya aktuallığını itirmiş sazişlərin denonsasiyasının başlandığını elan edib. 

Turan İSMAYIL