Britaniyanın xarici işlər naziri israilliləri və fələstinliləri gərginliyi azaltmağa çağırdı

 23:15 11.09.2023     305

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli İsrail və Fələstini bölgədə artan gərginliyi azaltmağa çağırıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, mMüvafiq bəyanatı Böyük Britaniya Xarici İşlər Nazirliyi Kleverlinin Qüdsdə İsrailin xarici işlər naziri Eli Koenlə görüşündən sonra yayıb.

"Xarici işlər naziri İsraildə və işğal olunmuş Fələstin ərazilərində artan gərginliyi etiraf edib. O, İsrail vətəndaşlarına qarşı dəfələrlə törədilən terror aktlarına görə başsağlığı verib və Böyük Britaniyanın beynəlxalq hüquqa uyğun olaraq İsrailin özünümüdafiə hüququnu dəstəklədiyini təsdiqləyib", - sənəddə deyilir. Nazir israilliləri və fələstinliləri gərginliyi azaltmaq və iki dövləti həll yolunu qorumaq üçün konstruktiv addım atmağa çağırıb. 

Kleverli həm də İsrailin Ukraynaya, o cümlədən onun yenidən qurulmasına dəstək verməsinin vacibliyini vurğulayıb. Bundan əlavə, nazirlər “İran təhlükəsinə qarşı mübarizədə iki ölkə arasında davamlı əməkdaşlığı alqışlayıblar”. Böyük Britaniya və İsrail arasında azad ticarət sazişinin şərtlərinin yenidən müzakirəsi ilə bağlı danışıqlar mövzusuna da toxunulub.

Bəyanatda həmçinin vurğulanıb ki, britaniyalı nazir “İsrail tərəfindən onunla strateji tərəfdaşlığın qurulduğu demokratik prinsiplərdən hər hansı bir şəkildə kənara çıxmasından” narahat olduğunu bildirib.

Kleverlinin səfər proqramına İsrail və Fələstinin baş nazirləri Benyamin Netanyahu və Məhəmməd Ştayye ilə görüşlər də daxildir. İsraildən Kleverli işğal olunmuş Fələstin ərazilərinə gedəcək, orada BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İş Agentliyinin rəhbərliyi ilə görüşəcək, həmçinin Jalazon qaçqın düşərgəsinə baş çəkəcək.

Turan İSMAYIL