Ərdoğan yeni konstitusiya üzərində işi başa çatdırmaq niyyətindədir

 16:48 12.09.2023     228

"Ölkəmizə yeni konstitusiya gətirənə qədər işimizi və mübarizəmizi heç vaxt dayandırmayacağıq. Konstitusiyalar dəyişməz mətnlər deyil. Mən bütün siyasi partiyaları, vətəndaş cəmiyyətini və elmi dairələri mümkün olan ən ideal konstitusiya mətnini hazırlamaq üçün danışmağa, müzakirə etməyə və danışıqlar aparmağa çağırıram".

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Dövlət başçısı xatırladıb ki, bir neçə il əvvəl onun partiyası müxalifəti yeni əsas qanun üzərində birgə işləməyə dəvət edəndə müxalifətin səmərəsizliyi ucbatından əməkdaşlıq baş tutmayıb. Prezident simpoziumda bu çağırışı bir daha təkrar etdi.

"Ölkəmiz artıq müxtəlif konstitusiya təcrübələrinə malikdir. 1960-cı il mayın 27-dən etibarən konstitusiyalarımız, təəssüf ki, dövlət çevrilişlərindən sonra liderlər tərəfindən hazırlanaraq qüvvəyə minir. Bugünkü vəzifəmiz öz tariximizi yazmaq və gələcəyə ən böyük irs qoymaqdır. Bütün dəyişikliklərlə birlikdə yamaq yorğanına çevrilən konstitusiyaya uyğun yaşamağa davam etmək siyasətə və ölkəyə bir yük oldu”.

Türkiyə prezidenti daha əvvəl iki dəfə konstitusiyaya dəyişikliklərlə bağlı məsələləri xalqın təsdiqinə təqdim edib. 2017-ci ildə keçirilən referendumdan sonra respublikada parlament idarəetmə forması prezident üsul-idarəsi ilə əvəz olundu, lakin bu dəyişikliklər fonunda yeni konstitusiya qəbul edilmədi. May ayında yeni prezidentlik müddətinə yenidən seçildikdən sonra Ərdoğan yeni konstitusiyanın qəbulunun onun administrasiyasının əsas vəzifələrindən biri olduğunu bildirib.

Parlamentin bu ilin payızında yeni konstitusiya layihəsi üzərində işə başlayacağı gözlənilir.

Turan İSMAYIL