İlk ukraynalı pilotlar bu tarixədək F-16-nı idarə etməyi öyrənəcəklər

 14:12 13.09.2023     229

ABŞ bu ilin sonuna qədər F-16 qırıcılarında ilk ukraynalı pilotların təlimini başa çatdıra bilər.

Redaktor.az "Komsomolskaya pravda"ya istinadla xəbər verir ki, bu açıqlama ilə ABŞ Milli Qvardiyasının Hərbi Hava Qüvvələrinin (HHQ) rəhbəri general-leytenant Maykl Lou çıxış edib.

General qeyd edib ki, lakin onların döyüş tapşırıqlarını yerinə yetirməyə başlaması üçün daha çox vaxt lazım olacaq.

"Hazırda pilotların ingilis dili bilikləri qiymətləndirilir və onların bilik səviyyəsindən və əvvəlki döyüş təcrübəsindən asılı olaraq, onlar üç ay ərzində ABŞ-da təlim keçə bilər", - ABŞ Hərbi Hava Qüvvələrinin rəhbəri bildirib.

"Bundan sonra Ukrayna Silahlı Qüvvələrinin pilotları NATO çərçivəsində qırıcı təyyarələrə texniki xidmət üzrə əlavə təlim keçmək üçün Avropaya qayıda biləcəklər" -  deyən Lou əlavə təlimin müddətini dəqiqləşdirməyib, lakin qeyd edib ki, “onlara icazə verilən kimi” təlim başlayacaq.

Xatırladaq ki, bir gün əvvəl Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat F-16 qırıcılarının döyüş istifadəsinə başlama vaxtını hələlik müəyyən etməyin mümkün olmadığını bildirərək, bunun qarşıdakı qışda baş verməyəcəyini söyləyib.

Turan İSMAYIL