Liviyada daşqınlarda xəsarət alanların sayı açıqlandı

 16:53 13.09.2023     210

Liviyada daşqın nəticəsində xəsarət alanların sayı 7 mini keçib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə fövqəladə hallar xidmətinin nümayəndəsi bildirib.

"Yeddi mindən çox insan yaralanıb", - Əl-Cəzirə telekanalı onun sözlərindən sitat gətirib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 5 mindən çox insan həlak olub. Xilasedicilər hələ də xüsusilə böyük binalarda sağ qalanları tapmağa ümid edirlər.

O, həmçinin qeyd edib ki, səhra xəstəxanaları daşqından zərər çəkmiş ərazilərə yerləşdirilib, Derna şəhərindəki xəstəxanaların çoxu işləmir. Xidmətlər humanitar yardımın paylanmasında çətinliklərlə üzləşirlər.

Daha əvvəl Al Hadath telekanalı bildirib ki, təkcə Dernada qurbanların sayı hazırda 6 min nəfərdir. Bu məlumatı bu gün qərargahı ölkənin paytaxtı Tripolidə yerləşən Liviya Milli Birlik Hökumətinin Səhiyyə Nazirliyi təsdiqləyib. Agentlik həmçinin qurbanların sayının 10 minə çatacağını gözlədiyini bildirib.

Sentyabrın 10-da "Daniel" siklonu Liviyanın şimal-şərqini vurdu və Aralıq dənizi sahillərindəki şəhərlərə fırtınalı küləklər və tufanlar ilə leysan gətirdi. Bir çox yaşayış binaları, xəstəxanalar və digər mühüm mülki obyektlər su altında qalıb. Ən çox zərər çəkən Derna şəhəri olub, burada iki bənd dağılıb. Məhz Derna yaxınlığındakı bəndlərin dağıdılması, Liviya Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, bu bölgədə çoxsaylı insan tələfatının əsas səbəbi oldu.

Turan İSMAYIL