Paşinyan Roma Statutunun ratifikasiya olunacağını AÇIQLADI

 18:54 13.09.2023     290

Ermənistan hakimiyyəti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu bütövlükdə ratifikasiya etməkdə qərarlıdır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Ermənistan Nazirlər Kabinetinin rəhbəri Nikol Paşinyan parlamentdə hökumət saatında deyib.

"Hökumət Roma Statutunu parlamentə göndərib, onu tam ratifikasiya etmək üçün bizim siyasi qərarımız var. Bu, Rusiyaya qarşı deyil, bizim təhlükəsizliyimizlə bağlıdır", - o qeyd edib.

Bundan əvvəl Paşinyan Roma Statutunun ratifikasiyası kontekstində əlavə edib ki, Ermənistan Azərbaycanı, xüsusən 2022-ci ilin sentyabr hadisələri və digər epizodlara görə məsuliyyətə cəlb etmək üçün Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etmək niyyətindədir.

Daha əvvəl TASS-a Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib ki, Rusiya tərəfi erməni həmkarlarına Roma Statutuna mümkün qoşulmanın Rusiya Federasiyası ilə münasibətlər üçün son dərəcə mənfi nəticələri barədə xəbərdarlıq edib. Xarici İşlər Nazirliyi onu da əlavə edib ki, Moskva İrəvanın BCM-nin Roma Statutuna qoşulmaq planlarını Rusiya Federasiyasının rəhbərliyinə qarşı “qarantiyalar” fonunda qəbuledilməz hesab edir.

Onu da qeyd edək ki, Ermənistan BCM-nin Roma Statutunu ratifikasiya edəcəyi təqdirdə, əgər Rusiya Prezidenti Vladimir Putin bu ölkəyə səfər edərsə, o, həbs olunacaq. Çünki BCM Putinin həbsi barədə order qəbul edib.

Turan İSMAYIL