Paşinyan "Vaqner"in onu devirəcəyindən qorxur?

 19:30 13.09.2023     247

Ermənistanın Milli Təhlükəsizlik Xidməti yerli Telegram kanallarının ölkədə “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinin olması ilə bağlı məlumatları yoxlayacaq.

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan hökumət saatında bildirib.

Anonim kanalların müəlliflərinin əvvəllər verdiyi məlumata görə, ölkə ərazisində hökumət əleyhinə aksiyalar təşkil etmək niyyətində olan ümumilikdə üç min "vaqnerçi" Ermənistana köçürülüb.

"Ermənistanın hüquq-mühafizə orqanları mediada yer alan yazılara cavab verməyə borcludur. Bildiyimə görə, bu, cinayət-prosessual məcəllənin normasıdır. Bildiyimə görə, teleqram kanallarında belə bir məlumatlar çıxdı. Milli Təhlükəsizlik Xidməti öz səlahiyyətləri daxilində dərc olunmuş məlumatları yoxlayır”, - Paşinyan bildirib.

Ermənistanın baş nazirinə “ölkədə Rusiyanın təşəbbüsü ilə baş verə biləcək inqilabdan” qorxduğunu da soruşublar. Paşinyan bildirib ki, inqilab artıq erməni xalqı tərəfindən həyata keçirilib.

Bundan əvvəl Ermənistanın hökumətyönlü resursu sayılan “Baqramyan-26” Teleqram kanalı Kremlin Ermənistanda çevriliş hazırlaması ilə bağlı xəbər yayıb. Kanalın məlumatına görə, Ermənistanda “iş adamı Yevgeni Priqojinin ölümü zamanı məqsədi Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq olan "Vaqner"in üç minə yaxın döyüşçüsü var idi”.

Turan İSMAYIL