ABŞ-ın Rusiya və Çinlə artan rəqabəti köhnə dünya nizamının sonunu göstərir - Blinken
ABŞ-ın Rusiya və Çinlə geosiyasi rəqabətinin artması soyuq müharibədən sonrakı dünya nizamının sona çatdığını göstərir.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbində çıxışı zamanı deyib.
"İndi qarşılaşdığımız şey Soyuq Müharibədən sonrakı nizamın sınağından daha çox şeydir. Bu, onun sonudur" - deyən Blinken əlavə edib: "Onilliklər boyu davam edən müqayisəli geosiyasi sabitlik öz yerini avtoritar dövlətlərlə, revizionist güclərlə artan rəqabətə verib".
ABŞ dövlət katibi bəyan edib ki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyat keçirməsi “beynəlxalq nizam üçün ən təcili, kəskin təhdiddir”. "Eyni zamanda, Çin uzunmüddətli perspektivdə ən ciddi problemdir, çünki o, təkcə beynəlxalq nizamı dəyişməyə çalışmır, həm də bunun üçün artan iqtisadi, diplomatik, hərbi və texnoloji gücə malikdir. Moskva və Pekin sərhədsiz tərəfdaşlıqları vasitəsilə dünyanı avtokratiyalar üçün daha təhlükəsiz bir yerə çevirmək üçün getdikcə daha çox işləyirlər" - Blinken deyib.
"Beləliklə, biz ABŞ prezidenti Co Baydenin dediyi kimi, dönüş nöqtəsini yaşayırıq. Bir dövr bitir, digəri başlayır. Və indi qəbul etdiyimiz qərarlar onilliklərin gələcəyini formalaşdıracaq", - Amerika xarici siyasət departamentinin rəhbəri bildirib.
Turan İSMAYIL