Britaniya İsveçin NATO-ya daxil olması üçün Türkiyəni razı salmağa çalışır

 23:06 13.09.2023     275

Böyük Britaniya İsveçin ən qısa zamanda NATO-ya üzv olması üçün Türkiyənin narahatlığının aradan qaldırılmasına töhfə verməyə çalışır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Ankarada türkiyəli həmkarı Hakan Fidan ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

"İsveçin mühüm müdafiə imkanlarına malik olduğuna inanırıq. İnanırıq ki, bu (İsveçin NATO-ya daxil olması - red.) NATO-nu gücləndirəcək. Bizim Türkiyənin İsveçlə bağlı narahatlığını müzakirə etmək imkanımız oldu. Ümid edirik ki, problemlər ən qısa zamanda həll olunacaq və İsveç NATO-ya üzv olacaq. Türkiyənin ifadə etdiyi narahatlığı aradan qaldırmaq üçün üzərimizə düşəni etməyə çalışırıq” - o, vurğulayıb.

Qeyd edək ki, Stokholm Ankaranın NATO-ya üzv olmaq ərizəsini təsdiqləməsini gözləyir. Bununla belə, Türkiyə tərəfi hesab edir ki, İsveç terrorizmlə mübarizə sahəsində, xüsusən də Türkiyədə tanınan terror təşkilatlarının üzvləri ilə birgə memorandumda nəzərdə tutulan şərtləri hələ də yerinə yetirməyib. Bundan əlavə, İsveçdə Qurana qarşı vaxtaşırı etiraz aksiyaları Ankaranı qəzəbləndirir. Gözlənilir ki, Türkiyə parlamenti İsveç məsələsinə yalnız oktyabr ayında məzuniyyətdən qayıdandan sonra baxa biləcək.

Turan İSMAYIL