Avstriya Şengen zonasının genişləndirilməsinə qarşı çıxdı

 00:05 14.09.2023     292

Hazırda qeyri-qanuni miqrasiyanın artması səbəbindən Şengen zonasının genişləndirilməsinin mənası yoxdur.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, Avstriyanın daxili işlər naziri Gerhard Karner Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenin Rumıniya və Bolqarıstanı Şengenə qəbul etmək çağırışını belə şərh edib.

"Hazırda Avropada miqrasiyanın artması müşahidə olunur və bir çox ölkələrdə, məsələn, Almaniya və Polşada əlavə sərhəd nəzarəti tədbirlərinin tətbiqi məsələsi müzakirə olunur. Ona görə də belə bir məqamda Şengen zonasının genişləndirilməsindən danışarkən, məncə, bu, mənasızdır. Bizə daha çox nəzarət lazımdır" – deyə "Die Presse" qəzeti siyasətçinin sözlərindən sitat gətirir.

Karner qeyd edib ki, AK qeyri-qanuni miqrasiya və insan qaçaqmalçılığı ilə mübarizəyə diqqət yetirməlidir.

Fon der Leyen daha əvvəl Avropa Birliyi ölkələrini Rumıniya və Bolqarıstanı dərhal Şengen zonasına qəbul etməyə çağırmışdı.

Qeyd edək ki, 8 dekabr 2022-ci ildə Brüsseldə keçirilən Aİ Daxili İşlər və Ədliyyə Şurasının iclasında Rumıniya və Bolqarıstanın Şengenə qoşulmaq üçün müraciətləri Avstriya və Hollandiyanın səsləri ilə rədd edildi. Eyni zamanda, Aİ ölkələri Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib. Bu zonaya daxil olan ölkələrin vətəndaşları üçün daxili sərhədlərdə viza nəzarəti ləğv edilib. Hazırda Şengen 27 ölkəni əhatə edir, onlardan 23-ü Avropa İttifaqının üzvüdür.

Turan İSMAYIL