Ermənistanda qadınlar hərbi xidmətə çağırılacaq
Ermənistan ordusuna könüllü yazılmış qadınlar qışda hərbi xidmətə çağırılacaq.
Redaktor.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin sentyabrın 14-də keçirilən iclasında bildirib.
O, çağırışçıların sayını təmin etmək üçün bütün resurslardan istifadə etməyə çağırıb. Məlumata görə, müdafiə naziri Suren Papikyan bildirib ki, qadınları xidmətə götürməyə hazırdırlar. O əlavə edib ki, məktəblərdə görülən işlər nəzərə alınarsa, əsas axının yayda olacağı gözlənilir: “Biz qış çağırışında 18-27 yaş arası qadınları çağırmağa hazırıq”.
N.Paşinyan ona cavabında bildirib ki, çağırışçıları cinsə görə bölməyə ehtiyac yoxdur, onların hamısı əsgər sayılmalıdır. O qeyd edib ki, Müdafiə Nazirliyi qadın taboru üçün daimi fəaliyyət göstərən məntəqənin tikintisini yekunlaşdırır: “Biz başa düşürük ki, bu, Ermənistan üçün tamamilə yeni institutdur”.
Baş nazir qadınların patrul xidmətinə cəlb edilməsində problemlərin olduğunu da xatırladıb. Ona görə də yaxın vaxtlarda vakant vəzifələrə yalnız qadınların təyin olunması barədə qərar qəbul edilib.
Xatırladaq ki, bu il iyunun 26-da Ermənistan parlamenti növbədənkənar iclasında qadınların könüllü olaraq hərbi xidmətə çağırılması sisteminin tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Qanuna əsasən, qadınlar üçün icbari xidmət müddəti altı ay olacaq. Bu müddət başa çatdıqdan sonra onlara 2,5 min dolları məbləğində ödəniş ediləcək. Səhhətinə görə vaxtından əvvəl hərbi xidmətdən çıxarıldıqda, bu məbləğ 6 aya bölünəcək. Hərbi qulluqçular xidmət müddətində müəyyən maaş alacaqlar.