Rusiya PUA-sı Rumıniyaya qəsdən hücum edib?

 14:42 14.09.2023     230

NATO baş katibinin müavini Mirça Coana Rusiyaya məxsus olduğu iddia edilən pilotsuz təyyarənin (PUA) qalıqlarının Rumıniya ərazisinə düşməsini Şimali Atlantika Alyansının üzvü olan ölkəyə qəsdən edilmiş hücum hesab etmir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, o, bunu Moldovanın Baş naziri Dorin Reçan ilə Kişinyovda keçirdiyi birgə brifinqdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Bu, alyansın üzvü olan Rumıniyaya qarşı qəsdən hücum kimi qiymətləndirilə bilməz. Bunu anlamaq vacibdir. Baş verənlər gələcəkdə təkrarlana biləcək hadisələr kateqoriyasına aiddir. Bu, Rusiyanın qəsdən hücumu deyil”, - Coana aydınlıq gətirib.

Onun sözlərinə görə, NATO üzvləri hazırda Vilnüs sammitində təsdiq edilmiş müdafiə imkanlarının kollektiv şəkildə artırılması planının həyata keçirilməsi üzərində işləyirlər, bu plana hava hücumundan müdafiə, kəşfiyyat və şəxsi heyətin hazırlığının gücləndirilməsi daxildir.

Bundan əvvəl Rumıniya Müdafiə Nazirliyi Tulcea qraflığında (ölkənin cənub-şərqində) pilotsuz təyyarə qalıqlarının aşkar edildiyini açıqlamışdı. Onların respublika ərazisinə hansı vaxt və şəraitdə daxil olmalarının müəyyən edilməsi üçün ekspertiza aparılır. 

Turan İSMAYIL