Zelenski ləğv olunan qadağaya görə Bolqarıstana təşəkkür etdi

 18:51 14.09.2023     278

Ukrayna Prezidenti Volodimir Zelenski Bolqarıstanın Baş naziri Nikolay Denkova sentyabrın 15-dən sonra kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağanı ləğv etdiyinə görə təşəkkür edib.

Redaktor.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki (keçmiş "Twitter") səhifəsində yazıb.

“Baş nazir Nikolay Denkova və komandasına, eləcə də bu addımı dəstəkləyən Bolqarıstan parlamentarilərinə təşəkkür edirəm”- deyən Zelenski qeyd edib ki, Bolqarıstan “əsl həmrəylik nümunəsidir”.

Qeyd edək ki, bundan əvvəl Bolqarıstan parlamenti Ukraynadan taxıl idxalına icazə verib. Qadağanın götürülməsinin lehinə 124 deputat, əleyhinə 67 deputat səs verib, 8 deputat isə bitərəf qalıb.

Sentyabrın 15-də Aİ-nin Ukraynadan Polşa, Slovakiya, Rumıniya, Bolqarıstan və Macarıstana buğda, qarğıdalı, kolza və günəbaxan idxalına qoyduğu qadağanın müddəti başa çatır. Xarici KİV-in məlumatına görə, Avropa Komissiyası onu uzatmaq niyyətində deyil. Polşanın baş naziri Mateuş Moravetskinin dediyi kimi, bu ssenaridə Polşa Ukrayna taxılının idxalını birtərəfli qaydada qadağan etmək niyyətindədir.

Ukrayna Xarici İşlər Nazirliyi bəyan edib ki, Avropa İttifaqı (Aİ) ölkələrinin 15 sentyabrdan sonra Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyətləri uzatmaq cəhdləri qeyri-qanuni və sabitliyi pozan kimi qiymətləndiriləcək.

Bundan əvvəl Ukraynanın avqust ayında dünya bazarlarına taxıl tədarükünü azaltdığı bildirilirdi.

Turan İSMAYIL