"ABŞ-ın gürcülərə qarşı sanksiyaları ikitərəfli münasibətlərə təsir etməyəcək"

 23:27 14.09.2023     245

Gürcüstan vətəndaşlarına qarşı son altı ayda tətbiq edilən sanksiyalar ikitərəfli münasibətlərə təsir etməyəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

Ona Vaşinqton administrasiyasının cümə axşamı Rusiya-Gürcüstan vətəndaşlığı olan iş adamı Otar Partsxaladzeyə qarşı, həmçinin aprel ayında gürcü hakimlərə qarşı tətbiq etdiyi sanksiyaların ABŞ-Gürcüstan münasibətlərinə necə təsir edəcəyi soruşulub. "Mən belə düşünmürəm. Deyərdim ki, biz həmişə Gürcüstan xalqı, onun beynəlxalq səviyyədə tanınmış sərhədləri olan azad və suveren ölkədə yaşamaq istəyi ilə həmrəy olmuşuq", - diplomat cavab verib.

Onun sözlərinə görə, ABŞ və Gürcüstan “son 30 ildə strateji tərəfdaşa çevrilib” və Vaşinqton Tbilisiyə “Avroatlantika ailəsinə tam inteqrasiya” prosesində kömək edir. “Və bizim qəbul etdiyimiz şəxslərə (Gürcüstana) qarşı heç bir sanksiyalar bu münasibətlərə baxışımızı dəyişmir”, - Miller yekunlaşdırıb.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Entoni Blinken aprelin əvvəlində bildirib ki, Vaşinqton Gürcüstanda üç hazırkı və bir keçmiş hakimə korrupsiya ilə bağlı olduqları iddiası ilə viza məhdudiyyəti tətbiq edib. Sonra Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bununla bağlı bəyan edib ki, xarici dövlətin respublikanın daxili məhkəmə işlərinə müdaxiləsi yolverilməzdir. O, əlavə edib ki, hökumət məhkəmə sisteminin müstəqilliyini və azadlığını qorumaq üçün hər şeyi edəcək.

Turan İSMAYIL